tarih : 2011 Saturday 29 Jan
şifre 21037

HHQM MK-nın Bəyanatı

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi ötən gün Azərbaycan Respublikasında son repressiyalarla bağlı bəyanat yayıb. Bəyanatın mətni ilə tanış olun:
Azərbaycan servisi/Aran agentliyi

Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi ötən gün Azərbaycan Respublikasında son repressiyalarla bağlı bəyanat yayıb. Bəyanatın mətni ilə tanış olun:

Rəhman və Rəhim Allahın adı ilə
Son hadisələrin xronikası:
-2010-cu il, 09 dekabr; Azərbaycan Respublikası təhsil naziri Misir Mərdanovun hicabla bağlı açıqlaması yayıldı: “On altı yaşlı qızın sinifdə başıbağlı oturması nə məna daşıya bilər? Sinifdən kənarda kim hansı formada istəyir, geyinsin. Amma sinfin öz qayda-qanunu var”.
-2010-cu il, 10 dekabr: Məktəblərdə hicabın qadağan olunmasına qarşı Təhsil Nazirliyinin qarşısında mitinq keçirildi. Minlərlə insan məktəblərdə qızların hicab taxmasının qadağan olunmasının əleyhinə çıxış etdi.
M. Mərdanov münasibət bildirdi: “Bu, Misir Mərdanovun məsələsi deyil. Azərbaycan Respublikasının Milli Məclisi qanun qəbul edib… Qanunun 14.10-cu maddəsində göstərilib ki, təhsil müəssisələrində geyim formaları həmin müəssisənin daxili nizamnaməsi əsasında müəyyən olunur”.
-2010-cu il, 14 dekabr; Nazirin daha bir açıqlaması yayıldı: “Təhsil Nazirliyinin hicabla bağlı apardığı siyasət Azərbaycan dövlətinin və dövlətçiliyinin qorunması ilə bağlıdır. Mənə elə gəlir ki, Təhsil Nazirliyi qarşısında hicabla bağlı keçirilən aksiya müəyyən qüvvələrin, xaricdə və daxildə olan müəyyən fikirli qurumların təşkil etdiyi hadisədir. Nənələrimiz ev şəraitində yaşmaqlanardılar.”
-2010-cu il, 14 dekabr; Dövlətin dayaq-fəalları mövzunu ciddiləşdirdi. Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova dedi: “Bu gün Azərbaycana təqdim olunan o yad model – qara örtük islamın Azərbaycan modelinə tamamilə yaddır…”
-2011-ci il, 07 yanvar; Həbslər başladı. Yanvarın 7-də saat 19.00 radələrində İslam partiyasının qərargahından çıxarkən AİP sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, partiya fəalı Elçin Həsənov və AİP sədrinin sürücüsü Mirhüseyn Kazımov mülki geyimli şəxslər tərəfindən saxlanıldı. Saxlanılan şəxslər barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə 10 sutka azadlıqdan məhrumetmə cəzası təyin edildi.
-2011-ci il, 10 yanvar; Ötən gərginliklərdə daha çox dindarların tərəfində görünən Şeyxülislam Paşazadə - QMİ Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun yanvarın 2-də partiyanın Baş Məclisinin iclasındakı çıxışı ilə bağlı bəyanat yaydı. Bəyanatda deyilir: “QMİ qeyri-leqal Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məsuliyyətsiz çağrışları ilə bağlı bəyan edir: …Möhtərəm prezidentimiz hər bir Azərbaycan vətəndaşının prezidenti olaraq, hər birimizin din, vicdan azadlığının etibarlı qarantıdır…Dövlət başçısının ünvanına olmazın hədyanlar danışmaq, görülən böyük işləri, o cümlədən, dinimizə ehtiram və qayğını nankorcasına danmaq İslami əxlaqımıza, milli dəyərlərimizə hörmətsizlikdir. Biz, dindarlar, dövlət mənafelərimizə, milli maraqlarımıza zidd olan bütün təhlükələrin qarşısının alınmasını olduqca vacib hesab edir, xalqımızı fitnələrə uymamağa, hər vəchlə vətəndaş həmrəyliyini qoruyub saxlamağa çağırırıq…”
-2011-ci il, 21 yanvar; Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov barəsində həbs-qətimkan tədbiri seçildi. M. Səmədova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham irəli sürüldü.
Partiya sədrinin təşkilatı məsələlər üzrə müavini Hacı Vaqif Abdullayev barəsində
3 aylıq həbs-qətimkan tədbiri seçildi.
Demək olar ki, repressiyaların əhatə dairəsi hər gün genişlənir. Hazırda Bakıdan Zülfüqar Mikayılzadə, Akif Heydərli, Mövsüm Səmədovun qohumları Dəyanət Səmədov, Firdovsi Məmmədrzayev, Gəncədən Azər Cəbiyev, Fəxri İlyasov, İlqar Musayev, Astaradan Ruhulla Axundzadə həbsdədir. Hadisələr gedişində Gəncədən 30-a yaxın dindar da daxil olmaqla yüzlərlə insan qanunsuz olaraq saxlanılıb və sonradan azad edilib.

* * *
Amma Azərbaycan tarixində əbədilik həkk olunan Hicab Repressiyaları başa çatmayıb və hələ də dindarlar şərlənərək həbs edilir.
HHQM Müdafiə Komitəsinin əsas vəzifəsi Hicab qadağasının aradan qaldırılması və Hicab qadağası məhbuslarının azadlığa çıxmasına nail olmaqdır.
Komitə dünya müsəlmanlarının, beynəlxalq təşkilatların, Azərbaycan cəmiyyətinin nəzərinə çatdırır ki, hadisələr hicab qadağasının sadəcə məktəbli forması ilə bağlı hadisə olmadığını, Azərbaycan Respublikasında ölçülü anti-islam layihənin həyata keçirildiyini göstərdi.
Hicab qadağası məscidlərin uçurulmasından, azana qadağa qoyulmasından, dini təşkilatların qeydiyyata alınmamasından, dini ədəbiyyatın üst-üstə qalaqlanıb yandırılmasından fərqli bir addımdır. Bu vaxta qədərki layihələr hansısa məzhəb, hansısa qrup, hansısa cəmiyyətə qarşı yönəlmişdi. Məsələn, Fatimeyi-Zəhra məscidinin uçurulması qərarı daha çox şiələrin heysiyyatına toxunurdu. Amma hicab qadağası dünyanın müxtəlif dinlərindən olan inanclı çoxluğuna, bütün müsəlman dünyasına qarşı müharibə elanı oldu.
Hicab qadağasının kütləvi həbslər, repressiyalar, şərləmələrlə müşayiət olunması göstərdi ki, dövlət bu addımına dünyanın imperialist güclərindən razılıq alıb və insan haqlarının pozulması ilə bağlı ittihamlardan çəkinmir. Məmləkətin ən təmiz adamlarının terrorda suçlanması dini kəsimin və İslam dünyasının Azərbaycan hakimiyyətinə olan son etimadını qırdı. Bu hökumət regionda adı dünyəvilik qoyulmuş ABŞ və Qərb vassallığını öz öhdəsinə götürdü.
Artıq hakimiyyətlə hansısa sazişdən, hansısa iş birliyindən söhbət gedə bilməz. Azərbaycan tarixində dindarların ilk kütləvi repressiyasına imza atmış rejimə qarşı yalnız tələblərlə çıxış məntiqi və qanuni sayılmalıdır.
HHQM Müdafiə Komitəsi Azərbaycan hökumətini, son hadisələrin ideoloqu və icraçılarını azğın repressiyaları dayandırmağa çağırır. Heç bir qeyd-şərtsiz Hicab qadağası ilə bağlı həbsə alınmış dindarlar azadlığa çıxmalı, hicabla bağlı bütün məhdudiyyətlər tam aradan qaldırılmalıdır.
Hakimiyyət dini təşkilatları qeydiyyata almaq, onların seçkilərdə iştirakını təmin etmək, şəxsiyyət vəsiqələri, təhsil ocaqlarında hicabla bağlı qadağaları aradan qaldırmaqla İslama ehtiramını göstərməli, buraxılmış səhvlərə görə dini kəsimdən üzr istəməlidir.
Bəli, bu gün Azərbaycan dini kəsimi ordu ilə üzbəüz gəlmək fikrində və gücündə deyil. Amma bu kəsim ərşdən enmiş 1400 illik köklərdən qidalanır və Peyğəmbərin Mədinəyə hicrətindən öncəki çevrəsindən az deyil. Sizlərsə ordu arxasından əmr versəniz də kökləriniz su üzərindədir. Üz tutduğumuz Allah Sizin də Allahınızdır, İslam Sizin də dininizdir, dini qanunlara ehtiram Sizin də vəzifənizdir. Bizim bugünkü tələbimiz İslam yox, ibtidai insan haqları, sizin beynəlxalq öhdəçiliklərinizdir. Qanun nə deyir? Konstitusiyadan: Maddə 42. Təhsil hüququ: Hər bir vətəndaşın təhsil almaq hüququ vardır; Maddə 48. Vicdan azadlığı: I. Hər kəsin vicdan azadlığı vardır. II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır… Göründüyü kimi, qanunlarda hicab qadağası üçün hətta bəhanə yeri yoxdur.
Bu torpaqda bizim də payımız var. Biz dini haqlarımızı tələb etdiyimiz üçün ömrümüzü həbsxanalarda, mühacirətdə keçirməli deyilik. Bu rejimin təqibləri ucbatından ölkəni tərk etmiş minlərlə azərbaycanlı var. Yoxsa bütün xalqı həbsə almaq, ya ölkədən çıxarmaq fikrindəsiniz?!
HHQM Müdafiə Komitəsi əziz Azərbaycan xalqını hakimiyyətin zəhərli təbliğatlarına, şər və böhtan kampaniyasına uymamağa, ölkədə insan haqlarının ən ali səviyyədə təminini tələb etməyə çağırır. Haqqını tələb edən bütün müxalifləri xarici qüvvələrlə əlaqələndirənlərin məmləkətə bir saatda vurduğu zərəri bütün müxaliflər əl-ələ versələr 10 ilə bacarmazlar. Xalqı müdrik, uzaqgörən olmağa dəvət edir, bu yolda Allahdan uğur diləyirik.

  

  • yazılmış
  • ...de 2011 Saturday 29 Jan