tarih : 2012 Sunday 04 Mar
şifre 28987

Respublikanın hər yerindən inqilab xəbərləri artır

Bakı və Xaçmazdan Qubaya dəstək
/Aran agentliyi

 

Qubada vəziyyət yenidən gərginləşməyə başlayıb, Salyan və Zaqatalada da inqilabi proseslərin başladığı barədə məlumatlar yayılır

Martın 1-də Quba rayonunda baş verən xalq üsyanı icra başçısı Rauf Həbibovun istefası ilə nəticələndi. Dövlət rəsmilərinin işə qarışması və əhali ilə kompromisin əldə olunmasından sonra sakitləşdiyi güman edilən proses yenidən qızışmağa başlayıb. Hadisələri yenidən alovlandıran isə hakimiyyətin naşı və repressiv siyasətidir.

 

Quba mühasirədə

Rayonda baş verən aksiyalardan ciddi şəkildə narahat olan hakimiyyət əvvəlcə kompromisə razılaşsa da, sonradan ənənəvi taktikasını işə salıb. Rayon sakinlərinin verdiyi məlumata görə, bu gün Qubada yenidən aksiya keçirilməsi gözlənilir. Bunun səbəbi isə daha 16 nəfərin müəmmalı şəkildə həbs edilməsidir.

Məlumatda deyilir ki, srağagün gecə 16 nəfərin evindən aparıldığı bildirilir və dünən həmin insanların yaxınları polisə müraciət etdikdə Polis İdarələri bu adamların onların idarəsində saxlandığını təkzib ediblər. Rayon əhalisi isə bəyan edir ki, həbs edilənlərin buraxılmadığı və repressiyaların artacağı təqdirdə Qubada təkrar mitinqlərə start veriləcək.

Qubalılar artıq bəzi qərarlar çıxarıblar. Məlumatlarda deyilir ki, bu gün Qubada yenidən nümayişlər başlayacaq. Məsələdən xəbər tutan hakimiyyət isə şəhəri mühasirəyə alıb. İlkin məlumatlara görə, 1000-dən artıq xüsusi təyinatlı dəstələr Qubanın mərkəzinə yerləşdirilib. Daxili Qoşunların zirehli maşınları isə şəhərin bütün küçələrini nəzarəti altına alıb və davamlı olaraq hərəkət edirlər.

 

Bakı və Xaçmazdan Qubaya dəstək

Aldığımız məlumatlara görə, artıq qonşu rayonlar və Bakıdan da insanlar Qubada başlamış proseslərə dəstək vermək üçün hərəkətə keçiblər. İlk dəstək Xaçmazdan gəlib. Bu rayonun bir qrup sakini növbəti aksiyalara qatılmaq üçün qubalılarla bir olduqlarını bəyan ediblər.

Digər bir dəstək isə Bakıdan gəlib ki, artıq Maştağa və Novxanı kəndlərindən Qubaya xeyli sayda insanın yola düşdüyü bildirilir. Bu barədə verilən məlumatlarda deyilir ki, Quba camaatına dəstək vermək istəyən şəhər və rayonların sayı yeni aksiyalardan sonra daha da artacaq.

Baş verənləri diqqətlə izləyən güc strukturları Quba avtovağzalına nəzarəti gücləndirməyə başlayıb. Hətta bu məqsədlə şəhərin mərkəzinə əli silahlı xeyli sayda polis qüvvəsi yeridilib və onlar orada mütəmadi olaraq növbə çəkirlər.

 

Daha bir xəbər Zaqataladan gəldi

Qeyd edək ki, artıq ölkənin hər yerindən inqilabi proseslərlə bağlı yeni-yeni xəbərlər gəlməyə başlayıb. Bu gün Zaqatalada da bir qrup insan yerli hakimiyyət orqanlarının istefası tələbi ilə küçələrə axışmağa hazırlaşır.

Həmin məlumatlara görə, Qubada baş verənlərdən həvəslənən zaqatalalılar ilk günlərdə az qüvvə ilə təmsil oluna biləcəklərindən narahat olsalar da, davamlılığı təmin etdikdən sonra kütləviliyin artacağına əmindirlər. Onlar deyirlər ki, rayonda sosial-iqtisadi vəziyyət dəhşətli şəkil almaqla yanaşı, həm də məmur özbaşınalığı da onların həyatını puç edir. Elə bu səbəbdən də haqlarını tələb etmək üçün sonadək mübarizə aparmağı məqsədəuyğun biliblər.

 

Salyan martın 10-na hazırlaşır

Maraqlı xəbərlərdən biri də Salyan rayonundan gəlməkdədir. Artıq yerli mətbuat bununla bağlı müxtəlif xəbərlər yayıblar. Artıq sosial şəbəkələrdə Salyanda etiraz aksiyasına çağrışlar edilir. Həmin çağırışlarda deyilir ki, rayonun icra başçısı Tahir Kərimovdan narazı salyanlılar martın 10-da Salyanın mərkəzinə toplaşacaqlar.

Etiraz aksiyasına minlərlə insan qatılması gözlənilir. Təşkilatçılara rayondakı orta və iri iş adamları da dəstək verməkdədirlər. Onlar martın 10-da Salyanda Qubadan da izdihamlı bir mitinq təşkil edəcəklərini bəyan edirlər. Hüquq-mühafizə orqanları isə mitinqin baş tutmaması üçün Salyanda kütləvi həbslərə başlayıb.

tia.az

  • yazılmış
  • ...de 2012 Sunday 04 Mar